25.10.2011

AY PİPİYİ QAN XORUZ, GÖZLƏRİ MƏRCAN XORUZ...



Qladiator döyüşləri, futbol matçları, korrida zaman və məkan sərhədi bilmir. Yalnız stadion və ippodromlarda ehtiraslı cənublularla təmkinli şimallılar bir-birilərindən qətiyyən fərqlənmirlər. İnsanları coşduran belə yarışmalardan biri də xoruz döyüşdürmələridir.
Xoruzlar arasında keçirilən əyləncəli yarışmalar hələ qədim dövrlərdə Hindistan, Çin və İran kimi ölkələrdə məşhur idi. Yunanıstanda isə onlara Femistoklun (b.e.ə. 524-460-ci illər) vaxtlarından rast gəlinir. Daha sonra bu yarışmalar Asiya və Siciliyaya yol açır. O vaxtlar ən yaxşı döyüş xoruzları İsgəndəriyyə və Tanaqra, Delos və Rodos adalarında yetişdirilirdi..





Uzun illər romalılar bu "yunan məşğuliyyətinə" nifrət etdiklərini açıq-aydın bildiriblər. Amma kənd təsərrüfatı ilə bağlı əsərlər yazan Kolumela (b.e. ə. I əsr) romalı həvəskarların xoruz döyüşlərində böyük var-dövlət itirdiklərini qeyd edir. "Lələkli qladiatorlar" arasında keçirilən bu qızğın yarışmalar Romadan şimalda da böyük maraqla qarşılanırdı. Kilsənin qadağalarına baxmayaraq, xoruz döyüşləri Hollandiya, Belçika, Lüksemburq, İtaliya, Almaniya, İspaniya, İngiltərə, Uels və Şotlandiyada da təşkil olunurdu. Vaxtaşırı hakim dairələr bu yarışmalara qadağalar qoysalar da, xoruz döyüşdürmə İngiltərə kral sarayının üzvərinin və yerli zadəganların sevimli əyləncəsi idi.
Xoruz döyüşləri üçün diametri 6 metr olan dairəvi həsirdən hazırlanan döşəmə-sahə ayrılırdı. Kənarlarda sədlər qurulurdu. Yarışmada razılaşdırılmış sayda quş cütlükləri döyüşürdü. Matçın nəticəsi hər döyüşdəki qələbənin sayı ilə hesablanırdı. Xoruz döyüşləri həm də "mənəviyyat qoruyucularının" narazılığına səbəb olan daha iki üsulla da keçirilirdi. Bunlardan biri "kral döyüşü" (bettle royal) adlanırdı. Bu zaman müəyyən sayda quşlar eyni zamanda döyüş arenasına buraxılırdı və onlardan yalnız biri - sona qədər davam gətirən - qalib gəlirdi. Digərləri ya həlak olur, ya da ciddi zədə alırdı. İkinci variant isə "Uels döyüşü" (Welsh main) idi. Əvvəlcə səkkiz cütlük döyüşürdü. Qalib gəlmiş tərəflər dörd cütlük şəklində yenidən yarışırdılar. Daha sonra iki, sonda isə bir cütlük mübarizə aparırdı. Şimali Amerika müstəmləkələrində xoruz döyüşləri erkən vaxtlarda yaransa da, bəzi ştatlarda onların keçirilməsi qadağan idi. Məsələn, Massaçusets ştatında bu, qanunla 1836-cı ildə, Böyük Britaniyada isə 1849-cu ildə qadağan edilib.
ABŞ, Kanada və Britaniyada açıq şəkildə xoruz döyüşdürmək qanunla qadağandır. Bu ölkələrdə heyvanların yalnız gizli şəraitdə döyüşdürüməsinə rast gəlmək olar.
Cənubi Amerikanın bəzi regionlarında xoruz döyüşdürülsə də, prinsip etibarı ilə onlar bunu idman yarışmalarının bir növü kimi qəbul etmirlər. Paraqvayda isə bu döyüşlər qadağan edilib. Kubada belə yarışmalar 1959-cu ilə qədər hakimiyyətin icazəsi və nəzarəti ilə keçirilirdi. Fidel Kastro hakimiyyətə gəldikdən sonra isə kubalı xoruz döyüşdürənlər də qadağayla üzləşdilər. Haiti və Meksikada belə yarışmalar çox məşhurdur. Puerto-Riko isə xoruz döyüşlərinin əsas mərkəzinə çevrilib.
Müasir dövrdə xoruz döyüşü həvəskarları yarışmanın bu növünü idmanın peşəkar olmasa da, həvəskar növü olduğunu iddia edirlər. Xoruzlar döyüşlərə əsasən bir və iki yaşında çıxarılır. Arenaya çıxana qədər onlar uzun hazırlıq prosesi keçirlər. Effektin artırılması üçün xoruzların ayaqlarına iti ülgüclər taxılır, təbii mahmızlar metal və ya sümük mahmızlarla əvəz edilir. Qısa döyüş mahmızları 4, uzunları 5-6 sm, üzərilərindəki ülgüclərin uzunluğu isə 52 mm olur.
Qədim dövrlərdə döyüşlər xoruzlardan birinin öldüyü zaman bitirdi. İndi isə döyüşlər bəzən son nəticəyə qədər aparılsa da, ciddi zədə alan xoruzun istənilən vaxtda arenadan çıxarılmasına imkan verilir. Nadir hallarda xoruz döyüşü davam etdirməkdən boyun qaçıra bilər. Bu halda quşun sahibi döyüşçünün sinəsini digərinin sinəsi ilə toqquşdurur. Əgər o, yenə də döyüşdən imtina edərsə, onda onun məğlubiyyəti elan edilir və döyüş dayandırılır. Bütün xoruz döyüşdürmələrində hakimin sözü qanundur. Hətta mərc və uduş məsələlərində də onun qərarının əleyhinə heç bir şikayət qəbul olunmur.

Fransa

Fransa bəlkə də Avropanın yeganə ölkəsidir ki, orada xoruz döyüşdürmək həvəskarları öz federasiyalarını yaradıblar. Şimali Fransa Xoruzbazlar Federasiyasının rəsmi şəkildə 100 min üzvü var. Onların hər birinin 10-dan 100-ə qədər xoruzu var. Nor və Pa-de-Kale departamentlərində hər il yanvar ayından avqusta qədər 700 matç, 25 min döyüş keçirilir. Federasiyaya etibarlı və nizam-intizama hörmət edən adamlar üzv ola bilər. Qallodrom, adətən kafelərin birində təşkil edilir. Zalın mərkəzində metal tor ilə əhatələnmiş 5 kvadrat metrlik sahə ayrılır, ətrafına tamaşaçı skamyaları düzülür, yuxarıdan isə böyük çilçıraq asılır. Bir-biri ilə vuruşacaq xoruzların ləqəbləri tabaşirlə qrifel lövhəyə yazılır (elektron tabloların işığı döyüşçülərin fikrini yayındırır). Xoruzlar rinqə nəfəs almaq üçün dəlikləri olan fanel çamadanda gətirilir. Çünki döyüşçü rəqibini vaxtından əvvəl görərsə, həyəcandan beyninə qan sıza bilər.
Hər iki impresario xoruzları rinqə atır. Onlar kənardan quşlara təsir edə, müxtəlif yayındırıcı səslər çıxara bilməzlər. Döyüş müddəti 8 dəqiqə olsa da, adətən, döyüş daha tez - ya heç-heçə (əgər hər iki rəqib 1 dəqiqədən artıq yıxılıb qalırsa), ya texniki nokaut (rəqiblərdən biri 1 dəqiqədən artıq uzanırsa), ya da xoruzlardan birinin tam qələbəsi ilə bitir. Öldürülmüş quşun taleyi məlumdur və ona heç nə ilə kömək etmək mümkün deyil. Ağır zədə alan xoruzun əzablarını isə onun həyatına son qoyaraq azaldırlar. Əgər yaralar təhlükəli deyilsə, onda döyüşçüyə möhkəmləndirici inyeksiya edilir və müalicə aparılır. Xoruzları döyüşə altı aylığından hazırlayırlar. Məhz bu vaxt onların pipiyini kəsirlər (döyüş zamanı pipik zədələndikdə təhlükəli qanaxma baş verir). Onları əla növ dənlə yemləyir, su qızdırır və gündə gəzdirməyə çıxarırlar. Döyüşçü xoruzların yeminə kimyəvi maddələr qatılmır. Döyüşdə qalib gələn xoruzu həm də xoşbəxt qocalıq gözləyir.
Döyüş başlamazdan əvvəl mərc gəlinir, pul qoyulur. Amma bunlar şifahi şəkildə, qarşılıqlı etibar çərçivəsində edilir. Burada yalan ola bilməz. Federasiyanın qətnaməsinə görə qaydanı pozan adamı bəri başdan qəzetdə "Qall xoruzu" adı ilə nəşr ediləcək məqalə cəzası gözləyir. Sonra isə o, müəyyən vaxt ərzində yarışmalardan hətta tamaşaçı qismində də uzaqlaşdırılır.

Tailand

Tailandda xoruz döyüşdürmə təkcə kəndlərdə deyil, həm də paytaxt Banqkokda keçirilir. Tailandlıların ən sevimli əyləncəsinə çevrilən xoruz döyüşdürmək biznesmenlərə və quş sahiblərinə az gəlir gətirmir.
Burada xoruz döyüşləri təkcə ənənə deyil, həm də yaxşı biznesdir. Adətən, karton qutuda keçirilən yarışma zamanı çempionun sahibi hər qələbəyə görə 20 min dollar mükafat ala bilər. Buna görə də quşbazlar quşlarını yaxşı formada saxlayırlar.
Tailandda bütöv bir quş sənayesi mövcuddur. Banqkok mağazalarında xoruzun ürəyinin fəaliyyətini möhkəmlədən, mədə-bağırsaq traktı soyuqdəyməsinin qarşısını alan həblər, caynaqlar üçün boks əlcəkləri, ağızlıq (dimdiklik), əzələlərin yığılması üçün elastik tənziflər və sarğılar, "döyüşçülərin" daşınması üçün çantalarla yanaşı, xoruz trenajorları da almaq olar.
Qaçış üçün nəzərdə tutulmuş yığcam xoruz trenajoru transportyor lenti və kiçik mühərriklə təchiz edilib. Lentin hərəkət sürəti tənzimlənir. Məşqlər 5-10 dəqiqəlik qaçışlarla başlayır. Sonra isə vaxt gündə yarım saata qədər uzadılır. Trenajorda məşq edən xoruzlar xüsusilə güclü olurlar. Belə trenajorları 220 dollara əldə etmək olar.

Qazaxıstan

Xoruz döyüşdürmə Qazaxıstanın Şımkent şəhərində də kişilərin sevimli məşğuliyyətidir. Qədim əyləncə burada hər bazar günü keçirilir. Qadınlar xoruz rinqinə yaxın buraxılmırlar. "Qladiator-xoruzlar" isə öz sahibləri ilə beynəlxalq yarışlara da gedirlər. Burada əsas qaydalar yıxılanı döyməmək, ölənədək dimdikləməmək və qadınları yaxına buraxmamaqdır. Çempionatlar Şımkent yaxınlığındakı şəxsi evlərdə keçirilir. Rinqdə xoruzun ölməsi nadir haldır. Burada pul qoyuluşu edilmir. Əsas coşğu və qələbədir. "Döyüşçülərin" adı və ya ləqəbi olmasa da, "ulduzları" hamı tanıyır.
Şımkentlilər xoruza böyük ehtiramla yanaşırlar. Qədimdə döyüşçülərə qəhrəmanlıq rəmzi kimi xoruz mükafat verilirdi. Döyüşən xoruz sahibləri isə quşlarını vitaminlərlə bəsləyir, peyvəndlər edir, bütün rahatlıqlarını təmin edirlər. Şımkentdə döyüşçü xoruzlar orta hesabla 500 dollara satılır.
Azərbaycanda da xoruz döyüşdürmə qədim ənənəyə söykənir. Uzun illər Azərbaycanın müxtəlif bölgələrində xüsusi növ xoruz saxlayan və onları tez-tez döyüşə çıxaran həvəskarları görmək olardı. Onlar əsasən "Heyratı" cinsindən olan xoruzlara üstünlük verirlər. Düzdür, bizimkilər digər ölklərdəki xoruzbazlar kimi öz quşlarını yüksək səviyyəli rahatlıqla təmin edə bilmirlər, amma hər halda "döyüşçülərin" kişmiş və günəbaxan tumlarını əskik etmirlər. Amma müasir dövrdə xoruz yarışmalarına nadir hallarda rast gəlmək olar. İndi belə döyüşləri yalnız Novruz bayramında yeniyetmələr keçirirlər.

T.BABAYEVA


4 yorum:

  1. Salam.herati xoruz satiram bir yasi var rengi qara qirmizidi.kim isdese yazsin.iki dene oldugundan satiram.

    YanıtlaSil
  2. Salam.herati xoruz satiram bir yasi var rengi qara qirmizidi.kim isdese yazsin.iki dene oldugundan satiram.

    YanıtlaSil